Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Avropa İttifaqı (Aİ) gələn həftə Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk mərhələsinə start verəcək.
AZƏRTAC xəbər verir ki, üzv dövlətlər Macarıstanın vetonu aradan qaldırmasından sonra danışıqların ilk mərhələsi üzrə ümumi mövqe barədə razılığa gəlib və bununla da prosesin başlanması üçün zəruri hazırlıqları başa çatdırıblar.
Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarına formal olaraq 2024-cü ilin iyununda start verilsə də, Ukrayna ilə ilk danışıqlar blokunun açılması Macarıstanın etirazı səbəbindən mümkün olmamışdı. Lakin Macarıstanda hakimiyyət dəyişikliyindən sonra Budapeşt Ukraynadakı macar azlığının hüquqları ilə bağlı razılığın əldə olunduğunu bildirərək vetodan imtina edib.
Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin birgə bəyanatında iyunun 15-də keçiriləcək ilk Hökumətlərarası Konfransda üzvlük prosesinin əsasını təşkil edən fundamental məsələlər üzrə klasterin açılacağı qeyd olunub. Bildirilib ki, bu klaster hüququn aliliyindən tutmuş güclü demokratik institutlara qədər Avropa İttifaqının üzərində qurulduğu əsas dəyərləri və prinsipləri əhatə edir. Bu ilkin mərhələdə Ukrayna və Moldova məhkəmə sistemi, dövlət idarəçiliyi və hüququn aliliyi sahələrində Aİ standartlarına uyğunluğunu nümayiş etdirməlidir. Üzvlük danışıqları ümumilikdə 6 bölmə və 33 fəsildən ibarətdir.
Qeyd edək ki, Aİ rəsmiləri üzvlük prosesinin uzunmüddətli xarakter daşıdığını və onun uğurla başa çatacağına dair təminat verilmədiyini vurğulayırlar. Buna nümunə olaraq, Türkiyə ilə 2005-ci ildə başlanmış, lakin hazırda faktiki olaraq dondurulmuş üzvlük danışıqları göstərilir.
Elvin Mövsüm