Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar
Şəki, 13 iyun, AZƏRTAC
İyunun 13-də ölkənin hər yerində olduğu kimi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində də “Son zəng” tədbirləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları da bu günə xüsusi hazırlaşıblar.
Liseydə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən liseyin direktoru Elmir Məmmədəliyev təhsil ocağının fəaliyyəti, tədris ilində qazandığı uğurlar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Kimya-biologiya təmayüllü lisey 2019-cu ildən fəaliyyət göstərir. Ötən müddətdə liseyin şagirdləri respublika fənn olimpiadalarında 67, fənn müsabiqələrində isə 60-dək medal qazanıblar. Bu illər ərzində liseyin məzunlarından 25 nəfəri xüsusi nümunəli attestat və döş nişanına layiq görülüb. Cari tədris ilində liseydə 405 şagird təhsil alıb, 60 nəfər XI sinifləri bitirib.
Mərasimdə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib ki, bu gün Azərbaycanın bütün rayon və şəhərlərində, ümumtəhsil müəssisələrində bayram abı-havası var: “XI siniflər üçün “Son zəng” çalınır. Adına “Son zəng” desək də, əslində, hər bir sonun yeni başlanğıcı olduğu kimi, bu “Son zəng” məzunlar üçün çalınan növbəti bir zəng, növbəti bir səsdir”.
Təhsil İnstitutunun rəsmisi çıxışında təyinatından asılı olmayaraq hər bir təhsil müəssisəsinin ən ümdə vəzifəsinin ölkəmiz üçün gözəl şəxsiyyətlər, vətəndaşlar, ümumbəşəri dəyərlərə sahib olan, milli-mənəvi dəyərləri özündə əks etdirən, ədalətli və insanlığı sevən şəxslər yetişdirmək olduğunu vurğulayıb.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək, məzunları və onların valideynlərini təbrik edib, liseyi bitirən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, 2025-2026-cı tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin XI siniflərini 6167 nəfər şagird bitirir.
İdarə müdiri Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Nəsibov və şəhid anası, Əməkdar müəllim Dursun Cavadova çıxış edərək, məzunlara müstəqil həyat yollarında uğurlar arzulayıb, onlara göstərilən etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.
Mərasim məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.
Müxbir – Mustafa Dadaşov