Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
Astana, 13 iyun, AZƏRTAC
Almatıda “Almatı - Türk dünyasının gənclər paytaxtı 2025” layihəsi çərçivəsində Türk Dövlətləri Təşkilatının Beynəlxalq Gənclər Düşərgəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Almatı şəhər akimatından bildirilib.
Proqramın əsas mövzularından biri ekologiya, davamlı inkişaf, rəqəmsal transformasiya və gənclər əməkdaşlığı olub.
Proqramın əsas tədbirlərindən biri “Taza Qazaqstan” ümummilli təşəbbüsünə dəstək məqsədilə təşkil olunan “Turkic Youth Tree of Unity” beynəlxalq ekoloji aksiyasıdır.
Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan düşərgə iştirakçıları birgə ağac əkiblər.
Proqram çərçivəsində “Digital Turkic Youth” forumu da keçirilib. Forumda süni intellektin inkişafı, rəqəmsal bacarıqlar və gənc mütəxəssislərin gələcəyin iqtisadiyyatının tələblərinə hazırlanması məsələləri müzakirə olunub.
Bundan başqa, “Açıq və ədalətli cəmiyyətin inkişafında gənclərin rolu” mövzusunda sessiya keçirilib. İştirakçılar vətəndaş fəallığı, hüququn aliliyi, gənclərin qərarların qəbulunda iştirakı və ictimai institutların inkişafı məsələlərini müzakirə ediblər.
Beynəlxalq Gənclər Düşərgəsi türk dövlətlərinin gənc liderləri arasında açıq dialoq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin inkişafı üçün platforma rolunu oynayır.