Qəbələdə inklüziv sinfin ilk buraxılışı olub
Qəbələ, 13 iyun, AZƏRTAC
Qəbələ şəhəri Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumi təhsil məktəbinin 4A inklüziv sinfinin buraxılış tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inklüziv sinfin buraxılış tədbirində Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova çıxış edib. O, Qəbələ rayonunda ilk dəfə tətbiq olunan inklüziv təhsil modelinin uğurlu nəticələr verdiyini bildirib. O qeyd edib ki, son 4 il ərzində əldə olunan nailiyyətlər inklüziv təhsil sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini aydın şəkildə nümayiş etdirir.
Sektor müdiri vurğulayıb ki, sinifdə formalaşan sağlam mənəvi-psixoloji mühit, şagirdlər arasında qarşılıqlı hörmət və dəstək münasibətləri inklüziv təhsilin əsas prinsiplərinin uğurla tətbiq olunduğunu göstərir.
Çıxışlar zamanı müəllim-valideyn-məktəb əməkdaşlığının əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, bu əməkdaşlıq nəticəsində bütün şagirdlər, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil və sosial fəaliyyətlərdə fəal iştirak edərək, potensiallarını inkişaf etdirmək imkanı qazanıblar.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən müxtəlif ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər 7 nömrəli tam orta məktəbdə 3, Şəki şəhər 12 nömrəli tam orta məktəbdə 6 və Qəbələ rayon 3 nömrəli tam orta məktəbində 2 nəfər olmaqla, ümumilikdə 11 nəfər sağlamlıq imkanları məhdud şagird inklüziv təhsil çərçivəsində təhsil alır.
Müxbir - Rasim İslamoğlu