Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Universitetində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açıb. Prorektor Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində dövlətçiliyin xilası və xalqın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından həlledici mərhələ olduğunu vurğulayıb.
Sonra Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Kərimov məruzə ilə çıxış edib. Bildirib ki, 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, hakimiyyət boşluğu, vətəndaş qarşıdurması təhlükəsi və separatçı meyillərin güclənməsi Azərbaycan dövlətinin mövcudluğunu ciddi şəkildə təhdid edirdi. Məhz belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və uzaqgörən fəaliyyəti sayəsində ölkədə sabitliyin bərpasına nail olub. Bəhman Kərimov vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın parçalanması təhlükəsinin qarşısı alınıb, dövlət hakimiyyəti institutları möhkəmləndirilib və müstəqilliyin qorunması üçün etibarlı siyasi-hüquqi əsaslar yaradılıb.
Məruzədə qeyd olunub ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarının qorunmasının, milli birliyin təmin edilməsinin və dövlətçilik ənənələrinin yaşadılmasının simvoludur. Bu səbəbdən Milli Qurtuluş Günü yalnız siyasi tariximizin deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynayan tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir.
Tədbir tələbələrin ifasında Milli Qurtuluş Gününə həsr olunmuş bədii kompozisiya və videoçarx nümayişi ilə yekunlaşıb.