İQTİSADİYYAT
Gəncədə çiyələk satış-yarmarkası keçirilmişdir
Gəncə, 23 avqust (AZƏRTAC). Böyük Britaniyanın “Oksfam” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyinin “SMART - yoxsul fermerlərə dəstək” layihəsi çərçivəsində Gəncə şəhərindəki “Xan bağı”nda çiyələk satış-yarmarkası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, fermerlərin bazara çıxışının daha da yaxşılaşdırılması, əhalinin daha ucuz kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədi ilə təşkil olunmuş yarmarkada Ağdam, Bərdə, Tərtər, Göygöl və Cəlilabad rayonlarından 60-a yaxın fermer və 5 emal müəssisəsi öz məhsullarını nümayiş etdirmişdir.
Yarmarkanın açılışında “Oksfam”ın Azərbaycan nümayəndəsi Şövkət Əlizadə bildirmişdir ki, “SMART - yoxsul fermerlərə dəstək” layihəsi Böyük Britaniyanın humanitar təşkilatının və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə Bərdə, Tərtər və Ağdam rayonlarından sonra Gəncədə keçirilir.
2010-cu ilin noyabr ayından başlanan layihə bu ilin oktyabrınadək davam edəcəkdir. Layihə mərkəzi Aran rayonlarında qadın və kişi fermerlərinin sosial şəraitinin yaxşılaşdırılmasına, Azərbaycan hökumətinin yoxsulluğun azaldılması strategiyasına, fermerlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasına, onların əlaqədar ünvanlarla əməkdaşlığının dərinləşdirilməsinə xidmət edir.
Sonra çiyələk satış-yarmarkasında iştirak edən yüzlərlə şəhər sakini təzə-tər çiyələklərdən almış, təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.