REGİONLAR
Gənclər və idman naziri Qubada şimal bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Xaçmaz, 21 iyul, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov iyulun 21-də Quba şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarından olan 30 nəfərin müraciətinə baxılıb.
Müraciətlər əsasən fəxri adların, idman dərəcələrinin verilməsi, stadion və idman zallarının tikilməsi ilə bağlı olub. Qəbulda qeyri-hökumət təşkilatlarının yaradılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, gənclər mərkəzinin tikintisi, işlə təmin olunma, təhsil və sosial yardım ilə əlaqədar müraciətlər də edilib.
Qaldırılan məsələlərin bir qismi (idman avadanlıqlarının verilməsi) yerindəcə həllini tapıb.
Digər məsələlər isə nəzarətə götürülüb, həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib.