ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunda viki-qrupun iclası keçirilmişdir
![Genetik Ehtiyatlar İnstitutunda viki-qrupun iclası keçirilmişdir](/files/2014/2/1200x630/14087124115520212664_1200x630.jpg)
Bakı, 8 iyul (AzərTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda viki-qrupun iclası keçirilmişdir. Məqsəd yaradılmış qrupun fəaliyyətinin gücləndirilməsindən ibarət olmuşdur.
İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, iclasda çıxış edən qrupun rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov qeyd etmişdir ki, AMEA tərəfindən hər bir institutda viki-qrupun yaradılması qərara alınmışdır. Bu qrupun yaradılmasında əsas məqsəd internetdə Azərbaycan reallıqları ilə bağlı informasiya resurslarının gücləndirilməsidir. O, vurğulamışdır ki, artıq Genetik Ehtiyatlar İnstitutunda viki-qrup fəaliyyətdədir. Qrupun iki üzvü - İlhamə Mirzəliyeva və Məhəmməd Eldarov AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 1 aylıq kurs keçmişlər.
Sonra İ.Mirzəliyeva təlimdən qazandığı təcrübə barədə məruzə etmişdir.
Sonda institutun hər şöbəsindən vikipediyaya məlumatların daxil edilməsi qərara alınmışdır.