ELM VƏ TƏHSİL
Gömrük Akademiyası onlayn təhsildə keyfiyyətin təmini üçün səylərini davam etdirir
![Gömrük Akademiyası onlayn təhsildə keyfiyyətin təmini üçün səylərini davam etdirir](/files/2020/1/1200x630/15876372151707262430_1200x630.jpg)
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycanda ilk dəfə olaraq tədris cədvəlinə tam uyğun vaxtda və müddətdə dərslərin onlayn tədrisini təmin edən Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) onlayn təhsildə və biliyin qiymətləndirilməsi prosesində maksimum keyfiyyəti təmin etmək üçün səylərini davam etdirir.
DGKA-dan AZƏRTAC-a bildirilib ki, akademiya rəhbərliyinin tapşırığı ilə onlayn təhsil prosesinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı bir neçə istiqamətdə addımlar atılıb. Bu məqsədlə tələbələrlə və müəllimlərlə anonim qaydada sorğular keçirilib, tələbələrlə və qrup nümayəndələri ilə fərdi qaydada müzakirələr aparılıb, akademiya tələbələrinin böyük əksəriyyətinin iştirakı ilə ümumi onlayn görüş keçirilib, eyni zamanda, bu sahədə dünyanın qabaqcıl universitetlərinin təcrübəsi öyrənilir, bunların əsasında həm akademiya rəhbərliyinin, həm də əlaqədar strukturların əməkdaşları arasında müzakirələr təşkil olunur.
Akademiyada onlayn təhsil prosesinin ilkin qiymətləndirilməsini və təklifləri əhatə edən hesabat hazırlanıb. Məqsəd onlayn təhsilin maksimum keyfiyyətinin təmin edilməsi və biliyin mövcud şərait daxilində qiymətləndirilməsinə dair ən mütərəqqi qaydaların tətbiq olunmasıdır.
Həmçinin təhsilin onlayn qaydada aparılması ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin, o cümlədən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində şəbəkəyə daxil olan universitetlər arasında bu sahədə ən qabaqcıl və mütərəqqi təcrübəyə malik olan ali təhsil müəssisələrinin təcrübəsinin öyrənilib tətbiq olunması nəzərdən keçirilir.