CƏMİYYƏT
Goranboy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölmüşdür
Bakı, 20 dekabr (AZƏRTAC). Goranboy rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rayon sakini Orxan Həsənov idarə etdiyi “Mercedes” markalı avtomaşını yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə sürücü və avtomobildə olan sərnişin Təbriz Qasımov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinlər Səbuhi Səmədov, Ayaz Yusibov və Hafiz Şıxıyev xəstəxanaya yerləşdirilmişlər, vəziyyətləri orta-ağırdır.
Abşeron rayonunun Xırdalan şəhərində isə Qazax rayon sakini İsa Allahverdiyev idarə etdiyi “KamAZ” markalı avtomaşınla İsmayıllı rayon sakini Aytən Seyidovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Hər iki faktla bağlı cinayət işi başlanmışdır, araşdırmalar aparılır.