ELM VƏ TƏHSİL
Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi anılmışdır
Bakı, 6 dekabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavid Ev Muzeyində görkəmli dramaturq, böyük şair və filosof Hüseyn Cavidin vəfatının 70-ci ildönümü münasibətilə anma mərasimi keçirilmişdir.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə ədibin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, əsərlərinə yazılmış musiqi nümunələri səsləndirilmişdir.
Hüseyn Cavid Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük şairin yaradıcılığından, zəngin ədəbi irsindən, bəşəri ideyalarından, keçdiyi əzablı yollardan danışmışdır. Şairə olan xalq sevgisindən bəhs edən G.Babaxanlı bildirmişdir ki, ölümündən 40 il sonra Sibirdən Hüseyn Cavidin nəşinin gətirilməsi, Naxçıvanda məqbərəsinin tikilməsi, Bakıda adının əbədiləşdirilməsi, heykəlinin ucaldılması, ev muzeyinin açılması, külliyyatının nəşri və s. ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
AMEA-nın müxbir üzvü Teymur Kərimli, professorlar Məhərrəm Qasımlı, Gülşən Əliyeva, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və başqaları unudulmaz sənətkarın irsinə tükənməz xalq məhəbbətindən, Azərbaycan ədəbiyyatı tarixində, dramaturgiyamızın inkişafında ustad sənətkarın xidmətlərindən söz açmış, Hüseyn Cavidin xatirə gününün qeyd olunmasını xalqın bu böyük insana ehtiramı kimi qiymətləndirmişlər. Natiqlər amansız repressiya qurbanı olan Cavidlər ailəsinin haqqının özünə qaytarılmasında böyük əməyi və səyi olan ulu öndər Heydər Əliyevin köməyindən, böyük sənətkarımızın xatirəsinə diqqət və ehtiramından, Prezident İlham Əliyevin Cavid irsinin təbliğ olunmasında xidmətlərindən danışmışlar.
Hüseyn Cavidin yaxın qohumu, şair Əbülfəz Naxçıvanlı ustad sənətkara həsr etdiyi şeirlərini oxumuşdur.
Tədbirdə şairin əsərlərindən, həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunmuşdur.
Mərasim ehsan süfrəsi ətrafında davam etmişdir.