SİYASƏT
GUAM-ın Kommunikesində Azərbaycanda, Gürcüstanda və Moldovada münaqişələrin tezliklə və dinc yolla tənzimlənməsinin zəruriliyi qeyd edilmişdir
Kiyev, 30 noyabr (AZƏRTAC). Noyabrın 29-da “Şərq tərəfdaşlığı” proqramının Vilnüs sammiti çərçivəsində Litva Respublikasının xarici siyasət idarəsinin başçısı Linas Linkyaviçyusun iştirakı ilə GUAM ölkələrinin xarici işlər nazirlərinin işgüzar naharı olmuşdur.
Bu barədə AZƏRTAC-a GUAM-ın Ukrayna paytaxtındakı Katibliyində məlumat verilmişdir.
Diplomatik tədbir zamanı nazirlər Kommunike qəbul etmişlər (sənəd ingilis dilindədir). Sənəddə GUAM iştirakçısı olan dövlətlərin - Azərbaycan, Gürcüstan və Moldovanın ərazilərində mövcud münaqişələrin tezliklə və dinc yolla, bu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə riayət edilməklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsinin zəruriliyi vurğulanır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev