CƏMİYYƏT
Gürcüstan qəzetində Azərbaycanın İslam dünyasında yeri və rolu barədə məqalə dərc olunub
![](/files/galleryphoto/2024/2/1200x630/1717761458122734550_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717761458160957482_1200x630.jpeg)
Tbilisi, 7 iyun, AZƏRTAC
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində şərqşünas-alim, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin “Azərbaycan Respublikasının İslam dünyasında yeri və rolu” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalə “Alyans Gənclər Mərkəzi”nin “Maddi mənəvi irsimizin təbliğı" layihəsi çərçivəsində dərc edilib.
Yazıda Azərbaycan Prezidentinin ölkəmizdə “İslam Həmrəyliyi İli" elan edilməsi barədə Sərəncamının əhəmiyyəti qeyd olunur. Bildirilir ki, Azərbaycanın İslam dünyasındakı yeri və rolu bu Sərəncamda çox yığcam, aydın və məntiqli şəkildə əksini tapıb.
Qeyd olunur ki, ölkəmizdə yaşayan əhalinin 96 faizini müsəlmanlar təşkil edir, bununla belə, Azərbaycan İslam respublikası deyil. Azərbaycan bu gün dünyanın inkişaf etmiş dövlətləri sırasında dayanan, həm daxili, həm də xarici siyasətində demokratik prinsipləri rəhbər tutan dövlətdir.
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc birgə yaşamasının unikal nümunəsidir.
Bu gün Azərbaycanda 50-yə yaxın kilsə, ibadət evi, sinaqoq mövcuddur. Bunlardan 6-sı rus pravoslav, 4-ü gürcü pravoslav, 5-i erməni qriqorian, 1-i Roma katolik kilsəsidir.
Bütün bu və digər faktlar onu göstərir ki, müsəlman ölkəsi olan Azərbaycanda tam tolerant və dözümlülük şəraiti mövcuddur. Mövcud qanunlar çərçivəsində qeyri-müsəlman icmaların azad və sərbəst fəaliyyətləri üçün hər cür şərait yaradılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi