CƏMİYYƏT
Gürcüstan Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı əsgərlərlə görüş keçirilmişdir
Tbilisi, 14 sentyabr(AZƏRTAC). Gürcüstan Müdafiə Nazirliyində bu ölkənin silahlı qüvvələrində xidmət edən azərbaycanlı hərbçilərlə görüş keçirilmişdir.
Nazirliyin ictimaiyyətlə əlaqə xidmətinin baş mütəxəssisi Benyamin Qasımov əsgərlərə müdafiə nazirliyinin struktur bölmələrində aparılan islahatlar, həyata keçirilən infrastruktur layihələr barədə məlumat vermiş, onların suallarını cavablandırmışdır.
Sonra əsgərlər qarşılaşdıqları problemlərdən danışmışlar.
B.Qasımov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu, soydaşlarımızla keçirilən sayca ikinci görüşüdür. Birinci görüşdə qaldırılan məsələlər demək olar ki, həllini tapmışdır. O qeyd etmişdir ki, görüşlər davam etdiriləcək, əsgərləri narahat edən hər bir məsələ barədə nazirliyin rəhbərlərinə məlumat veriləcəkdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi