CƏMİYYƏT
Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində yaradılan icma mərkəzləri soydaşlarımızın həyatında mühüm rol oynayır
![](/files/galleryphoto/2024/2/1200x630/17177614181813658525_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177614183748212975_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177614184320920777_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17177614181370127527_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717761418768251596_1200x630.jpeg)
Tbilisi, 7 iyun, AZƏRTAC
Gürcüstanda yaşayan azərbaycanlıların Avropaya daha asan inteqrasiyasına kömək etmək üçün həm dövlət, həm qeyri-hökumət təşkilatları, həm də ayrı-ayrı vətəndaşlar tərəfindən müəyyən işlər görülür. Bu işlərdən biri də azərbaycanlı gənclər üçün icma mərkəzlərinin yaradılmasıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Bolnisi rayonunun Arıxlı (Naxiduri) kənd icma mərkəzinin direktoru Çinarə Nəbiyeva deyib. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetini bitirdikdən sonra doğma kəndlərində gürcü dili müəllimi kimi çalışan Ç.Nəbiyeva həm də Bolnisi meriyasında tərcüməçi vəzifəsini icra edir.
Onun sözlərinə görə, Gürcüstan parlamentinin deputatı Qoqi Meşvelianinin təşəbbüsü ilə azərbaycanlıların kompakt yaşadığı 4 kənddə - Arıxlı (Naxiduri), Faxralı (Talavari), Kəpənəkçi (Kvemo Bolnisi) və Darvazda gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün icma mərkəzləri yaradılıb.
“Ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası elə formada həyata keçirilməlidir ki, onların etnik və milli mənsubiyyəti qorunub saxlanılsın. Mərkəzlərin açılması olduqca vacib layihədir və ümid edirəm ki, bu məkanlar yerli azərbaycanlıları narahat edən bəzi məsələlərin həllində, onların milli, mədəni və mənəvi irsinin təbliğində mühüm rol oynayacaqdır”, - deyə Ç.Nəbiyeva vurğulayıb.
Yeni yaradılmış icma mərkəzlərində gənclərə layihə hazırlamaq qaydaları, hüquqların qorunması, zorakılığa qarşı mübarizə, büdcə planlaşdırılmasında iştirak və milli bayramların keçirilməsinin təşkili və s. işlər öyrədilir. Bundan başqa, ölkənin milli-mənəvi, mədəni, tarixi irsi, həmçinin Azərbaycan və gürcü tarixi abidələri ilə tanışlıq üçün gənclərin ekskursiyaları təşkil olunur. Mərkəzlərdə Azərbaycan və gürcü dillərində uşaq kitabxanasının açılması üçün artıq rayon meriyasına müraciət olunub. Bu məsələnin tezliklə öz həllini tapacağı gözlənilir.
Bolnisi rayonunun Həsənxocalı kəndində fəaliyyət göstərən “Parlaq Gələcək” Gənclər Mərkəzi isə ictimai əsaslarla kəndin riyaziyyat müəllimi Araz Musayev tərəfindən yaradılıb. A.Musayev ADA Universitetinin Qazax rayonundakı filialının magistrantıdır. Keçən il A.Musayevin çalışdığı məktəbi bitirən şagirdlərin 11-i Gürcüstanın ali məktəblərinə qəbul olunub.
A.Musayev AZƏRTAC-a müsahibəsində deyib ki, kənddə alternativ bir təhsil mərkəzinə ehiyac var idi: “Müşahidələr göstərirdi ki, orta məktəbi bitirən gənclərin ali təhsil almağa meyilləri yoxdur. Digər tərəfdən də erkən nikah məsələsi də problem olaraq qalırdı. Bəzi valideynlər qız uşaqlarını məktəbdən uzaqlaşdırırdılar. Direktor və müəllimlərlə danışıb buna mane olmağı qərar verdik”. Onun sözlərinə görə, bu işdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin də rolu olub. Bakıda Komitənin sədri Fuad Muradovla görüşdən sonra Mərkəzin yaradılmasına qərar verilib və ilkin mərhələdə “Bazar Günü Məktəbi” yaradılıb. İndi isə “Parlaq Gələcək” Gənclər Mərkəzi olaraq gənclərə daha geniş xidmət göstərilir.
“Ümumiyyətlə, belə mərkəzlər Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin dərinləşdirilməsi və yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək verir”, – deyə A.Musayev vurğulayıb.
Mərkəzdə Azərbaycan, gürcü və ingilis dillərinin tədrisi ölkədə multietnik dialoqa və mədəni rəngarəngliyə də dəstək olur. Mərkəz rəhbərinin sözlərinə görə, artıq erkən nikahla bağlı da müəyyən irəliləyişlər var. Burada həm Mərkəzin rolu olub, həm də qanuna edilən dəyişiklik öz müsbət təsirini göstərir. Belə ki, 2015-ci ilin dekabrınadək 16-18 yaş arasında qızlar valideynlərinin razılığı ilə rəsmi ailə qura bilərdilər. Lakin Ombudsmanın təklifi ilə 2017-ci ildə Gürcüstan Mülki Məcəlləsinə edilən dəyişiklikdən sonra 18 yaşdan aşağı qızlarla nikah tam qadağan olunub. İndi gənclərin ali təhsilə marağı daha artıb və onların erkən nikaha məcbur edilməsi halları xeyli azalıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi