DÜNYA
Hava nəqliyyatı ilə qlobal sərnişin daşıması artıb
![Hava nəqliyyatı ilə qlobal sərnişin daşıması artıb](/files/2019/2/1200x630/15645804923708463498_1200x630.jpg)
Bakı, 31 iyul, AZƏRTAC
2018-ci ildə hava nəqliyyatı ilə qlobal sərnişin daşıması 6,9 faiz artaraq 4,4 milyard nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatında bildirilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə aviaşirkətlər 284 milyon aviareys həyata keçirib. Ən çox sərnişin daşıması Asiya-Sakit okean regionunun payına düşüb (1,6 milyard sərnişin). Avropanın aviaşirkətləri 1,1 milyard, Şimali Amerika firmaları isə 989,4 milyon sərnişinə xidmət göstərib.
IATA qeyd edib ki, təyyarələrin doluluq səviyyəsi rekord göstəriciyə - 81,9 faizə çatıb. 2018-ci ildə hava nəqliyyatı ilə ən çox Böyük Britaniya, ABŞ, Çin, Almaniya və Fransa vətəndaşları səyahət ediblər. Məlumatda qeyd olunur ki, lou-cost (aşağı qiymətli) seqmenti qlobal sərnişin daşımasının 21 faizini təşkil edib. “Hazırda 22 min şəhər arasında birbaşa hava uçuşları mövcuddur ki, bu da 2017-ci illə müqayisədə 1300, 1998-ci ildə olduğundan isə 10,250 reys çoxdur”, deyə IATA-nın məlumatında bildirilir.