SİYASƏT
HƏR BİR ÖLKƏDƏ DEMOKRATİYANIN İNKİŞAFINDA SİYASİ PARTİYALAR MÜHÜM ROL OYNAYIRLAR
Bakı, 14 aprel (AZƏRTAC). AŞPA-nın sədri Mövlud Çavuşoğlu Azərbaycana səfəri çərçivəsində aprelin 14-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşmüşdür.
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov qonağı belə yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. Ə.Əhmədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiyaya xüsusi önəm verir və bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıq edir.
Sonra çıxış edən siyasi partiya nümayəndələri Azərbaycan ilə AŞPA arasında əlaqələrin inkişafından danışmış, Avropa dəyərlərinin mənimsənilməsi, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması sahəsində daha böyük nailiyyətlərin əldə olunması üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişlər.
Siyasi partiya liderləri Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurasının töhfə verəcəyinə ümidvar olduqlarını bildirmişlər.
M.Çavuşoğlu demişdir ki, Avropa Şurası üzv ölkələrlə əlaqələrin inkişafına, eləcə də bu ölkələrdə demokratikləşmə proseslərinin sürətlənməsinə böyük önəm verir. Bu cür səfərlərin və görüşlərin məqsədi ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
M.Çavuşoğlu AŞPA-ya sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət yetiriləcəyini qeyd etmişdir.
######