İQTİSADİYYAT
HESABLAMA PALATASINDA KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 14 aprel (AZƏRTAC). Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir.
İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu ildə fəaliyyəti haqqında hesabat” geniş müzakirə edilmiş, kollegiya üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla hesabatın təsdiq olunması və Milli Məclisə təqdim edilməsi barədə qərar qəbul edimişdir.
İclasda Dövlət Sosial Müdafiə Fondu Mingəçevir şəhər şöbəsinin gəlirlərinin və xərclərinin proqnozlaşdırılması və icrası üzrə keçirilmiş nəzarət tədbirinin, 2007-2008-ci illər ərzində həyata keçirilmiş tədbirlərə, həmçinin əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə həyata keçirilən əmək yarmarkaları və əmək birjalarının təşkili vəziyyətinə dair analitik təhlilin nəticələri müzakirə olunaraq təsdiq edilmişdir.
Eyni zamanda, dövlət büdcəsinin “Elm” köməkçi bölməsindən Azərbaycan Milli Elmlər Akademiyasına, onun müəssisə və təşkilatlarına (seçmə qaydada) ayrılmış xərclərin, büdcədənkənar daxilolmaların proqnozlaşdırılmasının əsaslılığı və icrası, Şəki şəhəri üzrə yerli xərclərin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan vəsaitlərin icrası, Dövlət Neft Fondunun vəsaitinin idarə olunması və istifadəsi mövzularında audit proqramları təsdiq olunmuşdur.