İQTİSADİYYAT
Hesablama Palatasının sədri Qazaxıstanda beynəlxalq konfransda iştirak edib
![](/files/galleryphoto/2021/3/1200x630/16313058096060358556_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/1631305809351696667_1200x630.jpg)
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sentyabrın 10-da Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin iyirmi beş illik yubiley tədbirinə həsr olunmuş “Müasir reallıqlar şəraitində dövlət auditi sistemi” mövzusunda konfransda iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, tədbirdə 22 ölkənin Ali Audit Qurumu (AAQ) rəhbərləri və nümayəndələri ilə yanaşı Qazaxıstan Respublikasının Prezident Administrasiyasının, Qazaxıstan Respublikası Hökumətinin, eləcə də “INTOSAI”, “EUROSAI”, “ASOSAI”, “ECOSAI”, Asiya İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı kimi beynəlxalq təşkilatların, o cümlədən ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.
Qazaxıstan AAQ-ının sədri Nataliya Qodunova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və rəhbərlik etdiyi təşkilatın əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov həmkarını bu mühüm gün münasibətilə təbrik edib, iki ölkənin AAQ-ları arasında mövcud olan sıx işgüzar münasibətləri və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərini iştirakçıların diqqətinə çatdırıb.
Elmi-praktik konfrans “Müasir reallıqlar şəraitində dövlət auditi sistemi” mövzusu çərçivəsində aktual olan altmövzular üzrə davam etdirilib və Hesablama Palatasının Auditoru Cavid Bayramov “Fövqəladə hallar və COVID-19 çağırışlarının auditində AAQ-ların rolu” altmövzusu ətrafında məruzə ilə çıxış edib.
Tədbir iştirakçılar arasında geniş müzakirələr ilə yekunlaşıb.