Heydər Əliyev müstəqil dövlətin hüquqi, sosial və siyasi əsaslarını yaradıb
Salyan, 8 may, Mahir Babayev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Salyan rayon Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür” adlı elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans ulu öndər Heydər Əliyevə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Ulu Öndərin həyat və fəaliyyəti, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri ilə bağlı ətraflı məlumat verib. “Həm sovet, həm də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişafı Heydər Əliyev siyasətinin əsas prioriteti idi”, - deyən S.Hətəmov bildirib ki, məhz Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan fəlakətlərdən xilas oldu, müasir inkişaf yoluna çıxdı. Yalnız xalqa arxalanan Heydər Əliyev müstəqil dövlətin hüquqi, sosial və siyasi əsaslarını yaratdı.
Digər çıxış edənlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyi və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr bəxş etmiş Heydər Əliyevin xalqına, Vətəninə olan sonsuz məhəbbətindən söhbət açıb, Ulu Öndərin anadan olmasının 95-ci ildönümünün Azərbaycan xalqı tərəfindən böyük sevgi ilə qeyd edildiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına daxil olan bir qrup gəncə üzvlük vəsiqələri verilib.