Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
Naxçıvan, 10 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Culfa şəhərinin Heydər Əliyev prospektində fəaliyyət göstərən Nağıyev Kənan Akif oğluna məxsus çayxanada aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, sanitar gigiyenik qaydalara, temperatur rejiminə əməl olunmadığı, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilmədiyi müəyyən edilib.
Nöqsanlarla əlaqədar olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, qida obyektində xidmət göstərilməsi dayandırılıb.