ELM VƏ TƏHSİL
“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçiriləcəkdir
Bakı, 1 mart (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda ümumtəhsil müəssisələrinin şagirdləri arasında rəsm müsabiqəsi keçiriləcəkdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd XX əsrin ən böyük şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin ömür yolu və zəngin ictimai - siyasi fəaliyyətinin Vətənə, xalqa, dövlətçilik ideyalarına sədaqət və məhəbbətinin parlaq nümunəsinin gənclər üçün əsl həyat məktəbi olduğunu şagirdlərə daha yaxşı aşılamaqdır.
Üç mərhələ və 3 yaş qrupu üzrə keçiriləcək müsabiqənin təşkili üçün ilk növbədə təhsil müəssisələrində təşkilat komitələri və münsiflər heyəti yaradılacaqdır. Bu mərhələlər aprelin 12-də məktəb, aprelin 17-də - rayon (şəhər), mayda isə Bakı şəhərində 6 - 10, 11 - 14, 15 - 18 yaş qrupları üzrə keçiriləcəkdir.
Müsabiqənin şərtlərinə uyğun olaraq rəsmlər A2, A3 formatlarında işlənilməlidir. İşlənmə texnikası sərbəst olacaq rəsmlər respublikamızın rayon və şəhərlərində aparılan quruculuq, abadlıq işlərini özündə əks etdirməlidir. Bu işlər çərçivəyə salınmalı, şüşəsinin üstündə isə müəllifin adı, soyadı, rayon, məktəb, sinif yazılmış etiketlər əlavə olunmalıdır. 4 x 8 sm ölçüdə olacaq etiketlər “Times New Roman” şrifti ilə 15 - 16 ölçüdə yazılmalıdır. Rəsmin arxasında isə əlavə olaraq müəllifin ünvanı və telefonu göstərilməlidir.
Rəsmlər aprelin 25-dək Tofiq İsmayılov adına Uşaq - Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasına (28 May küç. 21) göndərilməlidir.
Xatırladaq ki, müsabiqəyə təqdim edilən işlər geri qaytarılmır. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.