“İBRUS” TEATRINDA FRANSA KİNOKLUBUNUN AÇILIŞI OLMUŞDUR
Komediya janrında çəkilmiş filmdə 1950-ci illərdə fransız burjualarının həyatından söhbət açılır. Cənab Aprel xanımı və oğlu Jerarla birlikdə müasir rayonda yaşayır. Onların həyatı o qədər gözəl düzənlənmişdir ki, bu yeknəsəq və yorucu mühit Jerarı darıxdırır. Lakin həyatın sakit axarını ev sahibəsinin xəyalpərəst qardaşı pozur. O, qəhrəmanların nizamlı həyatına xaos gətirir və tezliklə Jerarın ən yaxın dostuna çevrilir.
Fransanın ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Valeri Le Qalşe-Baron açılış mərasimində əməkdaşlığa və filmlərin nümayişinə yaradılan şəraitə görə teatrın rəhbəri Rüstəm İbrahimbəyova minnətdarlığını bildirərək demişdir: “Müxtəlif səbəblərdən ölkə ekranlarında klassik xarici filmlər çox az göstərilir. Biz “İbrus”un kinosalonunda ötən illərin fransız filmlərinin nümayişini təşkil etməklə, bu boşluğu aradan qaldırmağa çalışacağıq”.
Onun sözlərinə görə, növbəti kinolent fransız rejissoru Jan-Lük Qodarın yaradıcılığına həsr ediləcəkdir. Filmin nümayişi mayın 21-nə nəzərdə tutulmuşdur.