CƏMİYYƏT
IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə “Mənim eko hekayəm” adlı müsabiqə elan etmişdir
Bakı, 8 iyul (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə “Mənim eko hekayəm” adlı sosial-ekoloji müsabiqə elan etmişdir. Müsabiqəyə ekoloji mövzuda çəkiləcək sosial videoçarx üçün ssenarilər təqdim oluna bilər.
AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd insanları ətraf mühitə dəyən ziyanlar barədə məlumatlandırmaq, ekoloji problemlərin həllinin vacibliyini vurğulamaq və bu problemlərin həllində vətəndaşların rolunu artırmaqdır.
Müsabiqənin qaydalarına əsasən, ssenarilər 3-5 dəqiqəlik videoçarx üçün nəzərdə tutulmalı və “word” formatında təqdim olunmalıdır. Ssenarilər Azərbaycan, rus və ingilis dillərində ola bilər. Təqdim olunan ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalıdır. Bir müəllif müsabiqəyə bir ssenari təqdim edə bilər. Müsabiqəyə sənəd təqdim etmək üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən olunan ssenarilər müsabiqədən kənarlaşdırılacaqdır.
Müsabiqənin münsiflər heyəti təqdim olunacaq ssenarilər arasından ən yaxşı 3 ssenarini seçəcəkdir. İlk üç yeri tutan ssenarilərin müəllifləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Birinci yerə layiq görülən ssenari əsasında, həmçinin IDEA və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sosial videoçarx hazırlanacaqdır.
Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs müəllifi olduğu ssenarini iyulun 15-nə sentyabrın 15-dək “Mənim eko hekayəm” başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilər.
Ssenari ilə yanaşı müəlliflər özləri barədə sərbəst mətndə məlumat təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı, atasının adı və əlaqə vasitələri göstərilməlidir.