ELM VƏ TƏHSİL
İki mindən çox namizəd dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı verəcək
Bakı, 18 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 19-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində keçiriləcək imtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahan vermək üçün BA qrupu üzrə 582, BB qrupu üzrə 1544 olmaqla, ümumilikdə 2126 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 198 nəzarətçi müəllim, 18 buraxılış rejimi əməkdaşı ayrılıb.