İlham Əliyev: iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir
Bakı, 18 aprel, AZƏRTAC
“Biz son 15 il ərzində iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. Çünki mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində söyləyib.
"İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıb. Bu, çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıb. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir. Sənaye istehsalı 2,6 dəfə artıb. Valyuta ehtiyatlarımız 24 dəfə artıb, bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi var. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaq. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni, bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir", - deyə Azərbaycan Prezidenti qeyd edib.