DÜNYA
İmperator Akihitonun 84 yaşı tamam olur
Tokio, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Yaponiya İmperatoru Akihitonun 84 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, doğum günü ərəfəsində İmperator Tokiodakı sarayında jurnalistlərlə görüşüb.
Söhbət zamanı 2019-cu il aprelin 30-da baş tutacaq taxtdan imtina mərasiminə toxunan İmperator bu məsələni hərtərəfli dəyərləndirən və onun reallaşması üçün böyük zəhmət çəkən bütün insanlara minnətdarlığını bildirib.
İmperator qeyd edib ki, taxtda olacağı müddətdə millətin rəmzi olaraq fəal olmağa və Yaponiya tarixində yeni dövrün uğurla başlaması üçün işləyən insanlara kömək etməyə çalışacaq.
İyulda baş vermiş leysan yağışlar nəticəsində güclü ziyan dəymiş Fukuoka və Oiça prefekturalarına bu yaxınlarda səfəri barədə danışan İmperator bildirib ki, bu dağıntılar ona təbiətin qorxunc gücünü xatırladıb. Monarx əlavə edib ki, insanların çəkdikləri əzablara baxmayaraq, biri-birinə yardım etməyə çalışması onda çox xoş hisslər doğurub.
Yaponiyada dövlət bayramı kimi qeyd edilən İmperatorun doğum günündə o, ailəsi ilə birlikdə səhər saatlarında üç dəfə eyvana çıxaraq, onu təbrik etmək üçün sarayın həyətinə toplaşan insanları salamlayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio