CƏMİYYƏT
İmran Əbilov: Ulu öndər Heydər Əliyev müstəqilliyimizi əbədi və dönməz edib
![İmran Əbilov: Ulu öndər Heydər Əliyev müstəqilliyimizi əbədi və dönməz edib](/files/2022/2/1200x630/16517625175474062681_1200x630.jpg)
Bakı, 5 may, AZƏRTAC
Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə ölkəmiz ozamankı SSRİ-nin ən geridə qalmış respublikalarından biri idi. Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının İdarə Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi veteranı İmran Əbilov deyib. Uzun müddət Azərbaycan kənd təsərrüfatı nazirinin müavini işləmiş İ.Əbilov ötən əsrin 70-ci illərindən başlayaraq respublikamızın sürətli inkişaf yoluna qədəm qoyduğunu bildirib. O, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycanın qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qaldıqda bu dəfə də tarixin, xalqın çağırışına səs verən Heydər Əliyevin öz xilaskarlıq missiyasını yerinə yetirdiyini vurğulayıb: “Azərbaycanın bəxti onda gətirdi ki, onun Heydər Əliyev kimi müdrik lideri var idi və ən çətin tarixi-siyasi şəraitdə hakimiyyətə gələrək müstəqilliyimizi əbədi və dönməz etdi”.
İmran Əbilov bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində qazanılan uğurlar ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Hazırda ölkəmiz Ali Baş Komandanın rəhbərliyi ilə günü-gündən inkişaf edərək çiçəklənir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan siyasi və iqtisadi cəhətdən güclənərək inkişaf edən ölkələr sırasında layiqli yerini tutur, dövlətimizin beynəlxalq arenadakı mövqeyi daha da möhkəmlənir.