“İnsan hüquqları təhsili: Gənc fəallar və hüquqşünaslar gender bərabərliyi naminə” layihə həyata keçirilir
Bakı, 12 aprel, AZƏRTAC
Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının icra etdiyi “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” proqramı çərçivəsində Gender Hub Azərbaycan və ELSA Azərbaycan təşkilatları tərəfindən "İnsan hüquqları təhsili: Gənc fəallar və hüquqşünaslar gender bərabərliyi naminə" uzunmüddətli multidisiplinar layihə həyata keçirilir. Layihə gənc hüquqşünasları və ictimai fəalları bir araya gətirməklə insan hüquqları təhsili vasitəsilə gender perspektivlərini təhlil etmək, araşdırmaq və məişət zorakılığı hallarına cavab mexanizmləri kimi inteqrasiya etmək məqsədi daşıyır.
Gender Hub Azərbaycandan AZƏRTAC-a bildiriblər ki, insan hüquqları, xüsusilə gender bərabərliyi sahəsindəki məlumatlılığı artırmaq və hüquqşünasların, gənc fəalların bu sahədə qabaqcıl hüquqi tədbirlərdə iştirak etmələrinə dəstək vermək məqsədilə cari ilin aprelin 24-28-də layihənin ilkin mərhələsində təlim kursu keçiriləcək.
Təlim kursu müddətində iştirakçıların qida və logistika xərcləri, həmçinin regionlardan gələnlərin yol xərcləri təşkilatçı tərəfindən qarşılanacaq, bununla birlikdə onların bütün mərhələlərdə iştirakı əsas meyardır. Layihənin sonunda iştirakçılara beynəlxalq sertifikat veriləcək.
Layihənin əsas hədəf qrupu - gender əsaslı zorakılıq, gender bərabərsizliyi və ayrı-seçkilik məsələlərinə töhfə vermək istəyən, insan hüquqları təhsili konsepsiyasını öyrənmək və tətbiq etmək marağında olan, layihənin bütün mərhələlərində iştirak edə biləcək.
Layihə 4 mərhələdən ibarət olub aprel-oktyabr aylarını əhatə etməklə sonda 5 iştirakçının BMT-nin Cenevrədəki Baş Qərargahına təhsil səfərində iştirak etməklə ilə yekunlaşacaq.
Son qeydiyyat tarixi aprelin 14-dür.