ELM VƏ TƏHSİL
İnstitutun “Ontogenezin fiziologiyası” laboratoriyasında əhəmiyyətli tədqiqatlar aparılır
Bakı, 19 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası akademik A. Qarayev adına Fiziologiya İnstitutunun “Ontogenezin fiziologiyası” laboratoriyasında embriogener ( ana bətnində inkişaf mərhələsi) zamanı ana-döl münasibətlərinin oksigen azlığı, elektromaqnit şüalanması və az hərəkətliliyin təsiri nəticəsində pozulmasının və fərdi inkişafda fizioloji nöqsanların təzahür xüsusiyyətləri araşdırılır.
Biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev AZƏRTAC-a bildirmişdir ki, aparılan tədqiqatlar qeyd edilən təsir amillərinin davamlı xarakter daşıdığı halda yeni nəsildə psixofizioloji pozuntuların bəzi hallarda əlillik, dölsüzlük və çox vaxt yaşamaq qabiliyyətinin zəifləməsinə səbəb olduğunu göstərir. Bu amillər eksperimental yolla təsdiq edilmişdir.
Vurğulanmışdır ki, tədqiqatçıların fikrincə müxtəlif mənşəli fizioloji fəal maddələr əsasən zəfəran bitkisindən alınmış ekstrakt sadaladığımız amillərin təsirinin zəifləməsində əhəmiyyətli ola bilər.
Hazırda bu sahədə tədqiqat işləri aparılır.