CƏMİYYƏT
İnzibati orqanların diskresion səlahiyyətlərinin sərhədləri ilə bağlı kitab çap olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Məhkəmə-Hüquq Şurasının Aparatına ezam olunmuş Şirvan Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Orxan İsmayılovun “İnzibati orqanların diskresion səlahiyyətlərinin sərhədləri və inzibati məhkəmə nəzarəti” adlı kitabı çap olunub.
Bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Kitabda inzibati orqanların diskresion səlahiyyətlərindən bəhs olunur. Belə ki, ilk növbədə, diskresion səlahiyyətlərin mahiyyəti təhlil edilir. Eyni zamanda, inzibati aktın ünsürlərində diskresion səlahiyyətlərin mövcudluğu və inzibati orqanın qiymətləndirmə azadlığına dair məsələlərin izahı verilir.
Nəhayət sonda inzibati orqanların diskresion səlahiyyətlərinin sərhədlərindən və inzibati məhkəmə nəzarətinə dair nəzəri və təcrübi məsələlərdən bəhs olunur.
Qeyd edək ki, diskresion səlahiyyətləri qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.