SİYASƏT
İordaniya KİV-ləri III Bakı Beynəlxalq Humanitar Forumu haqqında materiallar dərcini davam etdirir
Əmman, 28 noyabr (AZƏRTAC). “Milli hərəkat” partiyasının baş katibi, “İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti”nin idarə heyəti şurasının üzvü Saleh Rüşeydad İordaniyanın alkhaimahjo.com informasiya agentliyinə verdiyi müsahibəsində Bakıda keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumu haqqında təəssüratlarını bölüşmüşdür: http://www.alkhaimahjo.com/ViewArticle.aspx?Id=1135
Bu nüfuzlu beynəlxalq tədbirin təşkilini yüksək qiymətləndirən Saleh Rüşeydad forumda müzakirə edilən qlobal məsələlərin, o cümlədən davamlı inkişaf, energetika, müasir dünyada texnologiyaların konvergensiyası və bəşəriyyətin üzləşdiyi digər mühüm problemlərə aid məsələlərin aktuallığını qeyd etmişdir. O, forum iştirakçılarının fizika, kimya, müasir texnologiyalar və digər sahələrin inkişafına çox böyük töhfələr vermiş nüfuzlu şəxsiyyətlərin yüksək səviyyəsini xüsusi vurğulamışdır.
“İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti”nin idarə heyəti şurasının üzvü bildirmişdir ki, Azərbaycan iqtisadi sahədə böyük uğurlar qazanmış, iqtisadiyyatın inkişafı və çiçəklənməsi yolunda sürətlə irəliləyən, habelə ictimai-siyasi və iqtisadi islahatları davam etdirmək əzmində olduğunu göstərən bir ölkədir. Saleh Rüşeydad demişdir: “Azərbaycan müstəqillik əldə edəndən sonra çox böyük nailiyyətlər qazanmışdır”.
Saleh Rüşeydad ölkələrimiz arasında ikitərəfli münasibətlər mövzusuna toxunaraq qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın böyük dostudur və öz çıxışlarında həmişə birmənalı olaraq bildirir ki, o, bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində İordaniya Haşimilər Krallığı ilə Azərbaycan Respublikası arasında münasibətləri daha da möhkəmlətmək əzmindədir.
İordaniyalı siyasətçi oktyabrın 31-də Bakıda İordaniya nümayəndə heyətinin Milli Məclisin sədri Oqtay Əsədovla görüşünü xatırlatmış, qeyd etmişdir ki, həmin görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin, o cümlədən ticari-iqtisadi münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Saleh Rüşeydad Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun fəaliyyətini də yüksək qiymətləndirərək bildirmişdir ki, səfir səriştəli bir diplomat kimi iki dost ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün çox səy göstərir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman