DÜNYA
İordaniya və Fransanın xarici işlər nazirləri Suriya böhranının siyasi həllinin vacibliyini vurğulayıblar
Əmman, 2 avqust, AZƏRTAC
İordaniya və Fransa xarici siyasət idarələrinin rəhbərləri Ayman əs-Səfədi və Jan-İv Lö Drian Suriya böhranının siyasi həllinin vacibliyini vurğulayıblar.
AZƏRTAC xəbər verir ki, onlar bu bəyanatı Əmmanda keçirilən mətbuat konfransında səsləndiriblər. İki ölkənin xarici işlər nazirləri qeyd ediblər ki, Suriya böhranı Cenevrə danışıqlarının nəticələri əsasında sülh yolu ilə həll edilməlidir. Onlar Suriya xalqının çəkdiyi əzablara son qoyulmasının zəruriliyini də diqqətə çatdırıblar.
İordaniyanın xarici işlər naziri bildirib ki, onun ölkəsi siyasi şərait yetişdiyi münasib vaxtda Suriya ilə sərhədi açacaq. Nazir deyib ki, Dəməşq birgə sərhədi açmaqla bağlı rəsmi müraciət etməyib, lakin bu cür müraciət daxil olduqda Əmman ona müsbət cavab verəcək və bütün lazımi addımları atacaq.
Fələstin-İsrail münaqişəsinə toxunan iordaniyalı nazir qeyd edib ki, bu problemin “iki dövlət” prinsipi əsasında nizama salınması məsələsində İordaniya və Fransanın mövqeyi üst-üstə düşür.
Fransanın xarici işlər naziri, öz növbəsində, onun ölkəsinin İordaniya ilə birlikdə regionda sülhün bərqərar olması və Suriya böhranının siyasi həllinə nail olunması istiqamətində birgə fəaliyyət göstərdiyini bildirib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman