RƏSMİ XRONİKA
İORDANİYANIN KRALI II ABDULLAHIN AZƏRBAYCANA SƏFƏRİ
BAKIDA 2-Cİ İORDANİYA SƏRGİSİNİN AÇILIŞI
Mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, İordaniya Kralı II Abdullahı və xanımı Raniyanı hərarətlə qarşıladılar.
İordaniya Krallığının hərbi orkestrinin ifasında marş səsləndi.
Prezident İlham Əliyev və Kral II Abdullah sərginin rəmzi açılışını bildirən qırmızı lenti kəsdilər.
İqtisadi tərəqqiyə nail olmaq üçün dünya iqtisadiyyatına inteqrasiya yolu tutan İordaniya açıq qapı siyasətinə üstünlük verir, ixracın həcmini artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirir. Ərəb ölkələri, ən inkişaf etmiş dövlətlərlə iqtisadi əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirilir. 2007-ci ildə ümumi daxili məhsul istehsalının həcmi 5,8 faiz artmış, ölkənin valyuta ehtiyatı 7 milyard dollara çatmışdır.
İordaniyanın Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin təşkil etdikləri və mayın 8-dək davam edəcək sərgidə iki ölkənin sahibkarları ikitərəfli görüşlər keçirəcək, əməkdaşlıq imkanlarını araşdıracaqlar.
Azərbaycan Prezidentinə məlumat verildi ki, son illərdə dünya iqtisadiyyatında böyük imicə malik 100-dək şirkətlə sıx əməkdaşlıq quran İordaniyanın müvafiq iqtisadi qurumları xeyli irəliləyişə nail olmuş, məhsul ixracı əsaslı şəkildə artmışdır. Kimya, əczaçılıq sənayesi, tibb avadanlığı, kosmetika, ərzaq məhsulları istehsalı genişlənməkdədir. Məhsulların çeşidi və keyfiyyətinin artırılmasına xüsusi fikir verilir. İordaniyada Ölü dənizin təbii imkanlarından da bacarıqla istifadə edilir. Bu yolla istehsal edilən və tərkibində kimyəvi maddələrin olmadığı kosmetika məhsulları ixracda əhəmiyyətli yer tutur.
İordaniyada maşınqayırmanın inkişafına da böyük diqqət yetirilir, müxtəlif sənaye zonaları yaradılır, bu sahəyə dövlət yardımı artırılır.
İordaniyanın ixracında dəri məmulatı və yüngül sənaye məhsulları 35 faizə qədərdir və bu sahələr məşğulluğun təmin olunmasında mühüm yer tutur.
Azərbaycan ilə İordaniya arasında ticarət dövriyyəsinin həcmi hələlik azdır. Respublikamızdan əsasən tütün, həmin ölkədən isə kimya və əczaçılıq məhsulları ixrac edilir. İordaniya Kralı II Abdullahın Azərbaycana səfəri çərçivəsində təşkil edilən sərginin başlıca məqsədlərindən biri də məhz ölkələrimiz arasında iqtisadi əlaqələri gücləndirmək və genişləndirməkdir.
Dövlət başçıları sərgidə nümayiş etdirilən müxtəlif təyinatlı və çeşidli məhsullarla tanış oldular, hər iki ölkənin iş adamlarına uğurlar arzuladılar.
Prezident İlham Əliyevə İordaniyanın qədim şəhərlərindən olan və dünyanın turizm mərkəzlərindən hesab edilən Petra şəhərinin təsviri olan lövhə və milli döymə naxışlarla bəzədilmiz sac, Mehriban xanıma ətriyyat səbəti və ərəb örpəyi hədiyyə olundu.