QAN YADDAŞI
İqor Korotçenko: Biz Rusiyada Azərbaycan xalqı ilə birlikdə Xocalının günahsız qurbanlarını yad edirik
Moskva, 27 fevral, AZƏRTAC
Xocalı faciəsi heç vaxt unudulmamalı hadisədir və unudulmayacaq. Xocalı soyqırımını müşayiət edən vəhşiliklərin miqyasını təsəvvür edəndə sarsılmamaq mümkün deyil. Bu, 100 il, 200 il bundan əvvəl yox, faktiki olaraq, bizim nəslin gözü önündə baş verib. Döyüş əməliyyatları bölgəsini tərk etməkdən ötrü gizlənməyə və təhlükəsiz dəhliz tapmağa çalışan uşaqlar, qadınlar, qocalar, yaralılar vəhşicəsinə qətlə yetiriliblər. Onların hamısı erməni silahlı birləşmələrinin, eləcə də Yaxın Şərq regionlarından döyüş əməliyyatları zonasına gələn erməni əsilli beynəlxalq terrorçuların dəhşətli cinayətlərinin qurbanına çevriliblər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş konfransda çıxışında deyib.
O qeyd edib ki, bu faciə hər bir normal insanın bir daha bu sualı verməsi üçün səbəbdir: bu vəhşiliklərin təşkilatçıları və icraçıları niyə indiyədək azadlıqdadırlar və törətdikləri əməllərə görə nə siyasi, nə də cinayət məsuliyyətinə cəlb olunmayıblar.
İ.Korotçenko deyib: “Əmrlər verənlər və bu əmrləri yerinə yetirənlər hələ də sağdırlar. Vacibdir ki, müasir dövlətlərin parlamentləri Xocalıda törədilən hadisələrə soyqırımı kimi hüquqi qiymət versinlər və bu əsasda cinayətkarların bu dəhşətli vəhşiliyə görə axtarışı və cinayət məsuliyyətinə cəlb olunmaları mexanizmi işə salınsın. Fikrimcə, Rusiya ictimaiyyəti, ekspert birliyi də bu məsələni qaldırmalıdırlar ki, Dövlət Dumasında da müvafiq məsələ nəzərdən keçirilsin. Biz hər birimizin dinc gələcəyi naminə buna nail olacağıq”.
O vurğulayıb ki, bu cür vəhşiliklər təkrarlanmamalıdır. Politoloq çıxışına bu sözlərlə yekun vurub: “Qisas - bizim qəlblərimizdə döyünən hissdir. Xocalı soyqırımının qurbanları heç vaxt yaddan çıxmayacaq. Biz bu gün Rusiyada Azərbaycan xalqı iə birlikdə Xocalının günahsız qurbanlarını yad edir, bu itkinin kədərini onlarla bölüşürük. Baş verən hadisə heç vaxt təkrarlanmamalıdır. Xocalıda əmr verən hər bir siyasətçi, hər bir cinayətkar cəzasını almalıdır və biz buna nail olacağıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva