CƏMİYYƏT
İsmayıllının Qaraqaya və Köhnə Daxar kəndləri yaxınlığında baş vermiş yanğın məhdudlaşdırılıb
İsmayıllı, 28 avqust (AZƏRTAC). Avqustun 26-da axşam saatlarında İsmayıllı rayonunun Qaraqaya və Köhnə Daxar kəndlərinin ərazisində dağlıq ərazilərdə, kolluq-meşə sahəsində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yanğına qarşı aparılan ardıcıl mübarizə artıq öz bəhrəsini verməkdədir. Hazırda yanğın məhdudlaşdırılıb, alovun Qaraqaya və Köhnə Daxar kəndlərinə keçməsi təhlükəsinin qarşısı alınıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsindən 1 təyyarə, 2 helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib. Ərazidə texnikanın hərəkətinin mümkün olmaması səbəbindən yanğının söndürülməsinə rayon dövlət yanğından mühafizə hissəsinin şəxsi heyəti ilə birgə 200 nəfərdən çox mülki şəxs də cəlb edilib.