REGİONLAR
İsmayıllıya gələn belaruslu qonaqlar Heydər Əliyev Mərkəzində olublar
![](/files/galleryphoto/2017/2/1200x630/15041819331087053366_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/15041819333754539735_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/1504181933690329756_1200x630.jpg)
İsmayıllı, 31avqust, AZƏRTAC
Belarusun Minsk vilayətinin Nesvij rayonu Xalq Deputatları Sovetinin sədri Lazyuk Valerinin rəhbərlik etdiyi nümayəndə heyəti İsmayıllıda olub.
AZƏRTAC xəbər verir ki, İsmayıllı rayonu ilə Nesvij rayonunun nümayəndələri bir neçə ildir ki, qardaşlaşmış şəhərlər müqaviləsi əsasında qarşılıqlı səfərlər edir, kənd təsərrüfatı və mədəniyyət sahələrində təcrübə mübadilələri aparırlar.
İsmayıllıya səfərə gələn qonaqlar avqustun 31-də Heydər Əliyev Mərkəzində olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllının tarixi, coğrafiyası, sosial-iqtisadi göstəriciləri, xüsusilə inkişafda olan kənd təsərrüfatı ilə əlaqədar ətraflı məlumat verib. İcra başçısı taxılçılıqda və kənd təsərrüfatının digər sahələrində Belarusun təcrübəsindən faydalanmağın zəruriliyini qeyd edib. Vurğulayıb ki, ölkələrimizin, xalqlarımızın dostluğu qarşılıqlı münasibətlərin uğurlu inkişafı üçün geniş imkanlar açır. Diqqətə çatdırılıb ki, aprel döyüşləri zamanı da Belarus dövləti öz obyektiv, ədalətli mövqeyini bir daha nümayiş etdirib.
Milli Məclisin deputatı Novruzəli Aslanov Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi yeri olan İsmayıllının nailiyyətlərindən ətraflı danışıb.
Belarusun nümayəndə heyətinin rəhbəri, Nesvij rayon Xalq Deputatları Sovetinin sədri Valeriy Lazyuk Bakı və İsmayıllı ilə tanışlıqdan məmnunluğunu ifadə edib.
“Novaya Jizn” aqrokombinatının direktoru Andrey Rotanski İvanovkada kənd təsərrüfatı istehsalının uğurlu təşkilindən danışıb və qeyd edib ki, burada iqtisadiyyatı qarşılıqlı təcrübə mübadiləsi əsasında daha da inkişaf etdirmək səmərəli olardı.
Sonra Heydər Əliyev Mərkəzinin akt zalında Basqal Kəlağayısı, “Kəlağayı” kitabı və filminin təqdimatı olub. Təqdimatı Bakı Dövlət Universitetinin professoru, Kəlağayı tədqiqatçısı, Kəlağayının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olunmasında elmi xidmətləri olan Rəna İbrahimbəyova keçirib.
Sonda qonaqlara hədiyyələr təqdim edilib.
Belarusun nümayəndə heyəti İsmayıllının Lahıc qəsəbəsində, İvanovka kəndində, Qalacıq zonasında, “Xoşbəxt-X” xalça sexində, bir sıra istehsalat müəssisələrində olublar.