SİYASƏT
İspaniyanın “Hellin” televiziya kanalının “Noticias” verilişi Azərbaycana həsr edilmişdir
Bakı, 30 noyabr (AZƏRTAC). İspaniyanın “Hellin” televiziya kanalının “Noticias” verilişi Azərbaycana həsr edilmişdir.
AZƏRTAC xəbər verir ki, verilişdə İspaniyada yaşayan həmyerlilərimiz - “Baku Hellin Deportivo” futbol klubunun prezidenti Gülnarə Xanbabayeva və klubun əməkdaşı Aynurə Vəliyeva ispaniyalı tamaşaçılara ölkəmiz haqqında ətraflı məlumat vermişlər.
Məşhur teleaparıcı Dieqo Beltranın qonağı olan Gülnarə Xanbabayeva ötən ay Azərbaycanda tam demokratik, şəffaf prezident seçkilərinin keçirildiyini və İlham Əliyevin yenidən xalqın yüksək etimadını qazanaraq Prezident seçildiyini demişdir. O, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın gördükləri mühüm işlərdən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır. Azərbaycanın siyasi, iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini söyləyən G.Xanbabayeva ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini də diqqətə çatdırmışdır. Heydər Əliyev Fondunun həyata keçirdiyi xeyirxah işlər, Azərbaycanın ucqar rayon və kəndlərində xəstəxanalar, uşaq evləri, uşaq bağçaları və məktəblər tikdirməsi xüsusilə qeyd edilmişdir. Diqqətə çatdırılmışdır ki, ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqlara Fondun dəstəyi ilə hər cür qayğı göstərilir. Klubun prezidenti Azərbaycanda idmana da böyük qayğı göstərildiyini diqqətə çatdırmışdır.
Bu günlərdə rəhbərlik etdiyi klubun katibi Manuel Manolo və kapitanı Casiano Jose dos Santos ilə birlikdə Azərbaycanda olduqlarını deyən G.Xanbabayeva ispaniyalı idmançıların ölkəmiz haqqında xoş təəssüratlara malik olduqlarını vurğulamışdır.