RƏSMİ XRONİKA
İSTANBULDA “ŞƏRQ QƏRBLƏ QARŞILAŞIR: ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ YENİ HÜDUDLAR” MÖVZUSUNDA 10-CU İLLİK KONFRANS KEÇİRİLMİŞDİR
İyunun 26-da İstanbulun “Ceylan İnterkontinental” mehmanxanasında “Şərqlə Qərb qarşılaşır: enerji təhlükəsizliyində yeni hüdudlar” mövzusunda 10-cu illik konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Ukrayna Prezidenti Viktor Yuşşenko, Gürcüstan Prezidenti Mixail Saakaşvili, habelə ABŞ-ın, Böyük Britaniyanın, Almaniyanın, eləcə də Avropa İttifaqının, OPEK-in və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Xatırladaq ki, əsasən, Cənubi Qafqazda enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş ilk beynəlxalq konfransın (1997-ci il) həmin vaxt təşəbbüsçüsü Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev olmuşdur və o, konfransın əsas məruzəçisi idi.
Konfransı ABŞ-ın Kembric Araşdırmalar Qrupunun (CERA) sədri Deniel Yergin açaraq, dövlət başçılarını salamladı. O bildirdi ki, hazırda enerji təhlükəsizliyi məsələsi dünyanın diqqət mərkəzində olan əsas məsələdir və bu baxımdan yeni iqtisadi əməkdaşlıq mərhələsi başlayır.
Konfransın açılışında “Tekfen” orkestrinin ifasında musiqi səsləndi. Bu orkestr Qara dəniz hövzəsində yerləşən 23 ölkənin musiqiçilərini birləşdirir.
Xarici İşlər üzrə İqtisadi Qrupun (DEİK) fəxri üzvü və “Tekfen Holdinq” şirkətlər qrupunun sədri Nihat Gökyigid Bakı-Tbilisi-Ceyhan neft kəmərinin “Əsrin layihəsi” olduğunu bildirərək dedi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi gerçəkləşdi, indi yeni layihələrə ehtiyac var. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşünün təşkilatın həyatında mühüm hadisə olduğunu söyləyən DEİK-in prezidenti, Türkiyə Sənaye, Ticarət və Birjalar Palatasının sədri Rifat Hisarciklioğlu bunu həm də regionda enerji təhlükəsizliyinin təmin olunmasına şərait yaradan amil kimi qiymətləndirdi. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər çıxışında diqqəti boru xətlərinin müxtəlifliyinə çəkərək bildirdi ki, Türkiyə və onun yerləşdiyi region boru xətlərinin kəsişmə nöqtəsidir. O, Bakı-Tbilisi-Ceyhanın əhəmiyyətindən danışaraq vurğuladı ki, Bakı-Tbilisi-Ceyhan layihəsini əfsanədən reallığa çevirən Heydər Əliyevin tarixi xidmətləri nəzərə alınaraq, Ceyhan limanına onun adı verilmişdir. Bu ayın sonunadək Ceyhanda 193-cü tanker neftlə yüklənəcəkdir. Gələn ay isə “Şahdəniz” qazı Türkiyə vasitəsilə Yunanıstana, oradan İtaliyaya göndəriləcəkdir. Nazir bildirdi ki, “Şahdəniz” qazına Balkan ölkələri də maraq göstərir. Lakin bununla bağlı Azərbaycan ilə məsləhətləşmələrin aparılması lazımdır. OPEK Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Məhəmməd bin Zayen Al Hamili çıxışında dedi ki, OPEK dünya ölkələrinin neftə olan tələbatının ödənilməsi kimi mühüm işini davam etdirir və bu qurum dünyada enerji təhslükəsizliyinin təmin olunması ilə bağlı bütün təşəbbüsləri dəstəkləməyə hazırdır.
“Bugünkü konfrans həm də ötən on ilə nəzər salmaq baxımından çox əhəmiyyətlidir”, - deyən Ukrayna Prezidenti Viktor Yuşşenko və Gürcüstan Prezidenti Mixail Saakaşvili yeni neft-qaz boru xətlərindən, onların təhlükəsizliyindən söhbət açdılar, ümumi yeni layihələrə qoşulacaqlarını bildirdilər, eyni zamanda, Türkiyənin enerji terminalı və dəhlizlər proqramını dost ölkələrlə birlikdə gerçəkləşdirəcəyini vurğuladılar.
Dövlət başçıları Avropa və dünyanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirdilər. M.Saakaşvili çətin vəziyyətə düşən Gürcüstana göstərdiyi köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Yeni iqtisadi şərtlərin yerinə yetirilməsi üçün daha fəal çalışmağın, beynəlxalq və regional əməkdaşlığa üstünlük verməyin zəruriliyi vurğulandı.
Sonra konfransın aparıcısı Deniel Yergin Azərbaycan Prezidentinə söz verərək dedi:
-Mən konfransın 10-cu ildönümünə həsr olunmuş bu tədbirdə demək istəyirəm ki, Prezident İlham Əliyev belə məsələlərin müzakirəsində uzun illərdir iştirak edir. O, bu mövzular üzrə əvvəlki konfranslarda da çıxış etmişdir. Ötən cümə günü biz Bakıda fikir və ideyaların bu gün hamımızın gördüyü reallığa çevrilməsi haqqında danışdıq və enerjinin gələcəyi ilə bağlı hazırkı fikirlərimiz və ideyalarımız üçün yeni reallığın yaradılmasının zəruri olduğunu qeyd etdik. İndi isə mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevi çıxışa dəvət edirəm.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda çıxış etdi.
X X X
Türkiyə Prezidenti Əhməd Necdət Sezər çıxışında millətlərin rifahına beynəlxalq əməkdaşlıq nəticəsində nail olmağın mümkünlüyünü vurğuladı, müasir iqtisadiyyatın inkişafının enerji daşıyıcıları ilə bağlı olduğunu söylədi. O dedi ki, enerji daşıyıcılarının Avropa bazarlarına təhlükəsiz nəqli üçün tranzit ölkələrin üzərinə böyük vəzifələr düşür. İndi alternativ enerji mənbələrinin tapılması, boru xətlərinin şaxələndirilməsi zərurəti yaranmışdır.
Qardaş ölkənin Prezidenti BTC-nin beynəlxalq əməkdaşlığa nümunə olduğunu diqqətə çatdırdı, nəzərdə tutulan layihələrin dost ölkələrlə reallaşdırılacağını vurğuladı. O dedi ki, neft və qaz boru xətlərinin Türkiyə ərazisindən keçməsi həm Bosfor boğazındakı gərginliyi azaldacaq, həm də Ceyhanı önəmli limana çevirəcəkdir.