CƏMİYYƏT
İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin monitorinqinin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir
Bakı, 1 fevral (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində “İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin 2012-ci ildə aparılmış monitorinqinin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, “dəyirmi masa”nın işində nazirliyin müvafiq qurumlarının, Sumqayıt Regional Mərkəzinin əməkdaşları, Bakı Regional Mərkəzinin nəzdində fəaliyyət göstərən əlaqələndirmə komissiyasının paytaxtın bütün rayon icra hakimiyyətlərini təmsil edən üzvləri, Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin səlahiyyətli nümayəndələri, eləcə də mərkəzin rəhbər heyəti iştirak etmişdir.
Mərkəzdə fəaliyyət göstərən monitorinq-analitik qrupu tərəfindən hazırlanmış hesabatda aşkar edilmiş pozuntuların təsnifatı tərtib olunmuş, hər rayon üzrə bu sahədə aparılan işlərin vəziyyəti təhlil edilmiş və təqdimat şəklində tədbir iştirakçılarına göstərilmişdir. Tərtib edilmiş aktlar mərkəzin müvafiq məktubları ilə tədbir görülməsi üçün rayon icra hakimiyyətlərinə göndərilmiş, icrası nəzarətə götürülmüşdür.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətlərinin nümayəndələri təqdim olunmuş hesabatı böyük maraqla qarşılamış, hər bir iştirakçı təmsil etdiyi rayon üzrə aşkar olunmuş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə arayışlar vermiş, mərkəzin monitorinq qrupunun səmərəli fəaliyyəti vurğulanmışdır. Monitorinq qrupu ilə gələcəkdə də sıx əməkdaşlıq əlaqələrinin saxlanacağı bildirilmişdir.
Tədbir 2013-cü ildə aparılacaq monitorinqlərin məzmunu və istiqamətlərinin müzakirəsi ilə davam etdirilmişdir.
“Dəyirmi masa”nın sonunda paytaxtda yanğın təhlükəsizliyi və dəm qazı ilə zəhərlənmə halları ilə bağlı aparılan işlərə münasibətin ciddiləşdirilməsinin, yağış sularının idarə olunmasında zəruri tədbirlərin görülməsinin əhəmiyyətindən söhbət açılmış, iştirakçılara gündəlik işdə lazım olan normativ-hüquqi sənədlərin yazıldığı xüsusi disklər paylanmışdır.
Rayon icra hakimiyyətlərinin nümayəndələri yekdilliklə belə tədbirlərin və aparılan fikir mübadilələrinin faydasından danışmış, onların mütəmadi olaraq, hətta səyyar formatda keçirilməsinin məqsədəuyğun olduğunu bildirmişlər.