DÜNYA
İsveç hökuməti NATO-nun silahlı qüvvələrinin bu ölkəyə daxil olmasına imkan verəcək
AZƏRTAC xəbər verir ki, İsveç hökuməti NATO hərbi alyansının İsveçin dəvəti ilə bu ölkə ərazisində hərbi təlimlər və digər hərbi əməliyyatlar keçirməsinə imkan verəcək müqavilənin bəyənilməsi barədə qərar qəbul edib. Böhran halında da istifadə edilə biləcək bu qüvvələr İsveçin quru ərazisində, hava məkanında və dəniz sularında nəqliyyatın təhlükəsizliyini təmin etməlidirlər.
2016-cı ildən qüvvəyə minməsi nəzərdə tutulan müqavilənin qəti qəbul edilməsi üçün o, əvvəlcə İsveç parlamentində bəyənilməlidir. İsveç Müdafiə Nazirliyinin məlumatına görə, bu layihə parlament səviyyəsində geniş dəstəklənir.
Xatırladaq ki, İsveç “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə sıx əməkdaşlıq edir.
“Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində bu və ya digər ölkə NATO-nun həmin ölkə ərazisində təlimlər keçirməsini, habelə böhran halında ölkənin köməyinə gəlməsini sadələşdirən müqavilə bağlaya bilər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm