DÜNYA
Kaliforniyada güclü zəlzələ baş verib
Vaşinqton, 25 avqust (AZƏRTAC). Avqustun 23-dən 24-nə keçən gecə yerli vaxtla gecə saat 3:20-də Kaliforniyanın şimalında Rixter cədvəli üzrə altı bal gücündə zəlzələ olub. Nəticədə onlarla vətəndaş yaralanıb, Napa şəhərində tarixi binalar zədələnib, səyyar evlər parkında bir neçə ev yanıb. Zəlzələnin episentri Napa şəhərindən doqquz kilometr cənubda yaşayış olmayan yerdədir. Şəhər administrasiyasından bildiriblər ki, fəlakət nəticəsində həlak olanlar yoxdur, lakin bir evdə sobanın uçması nəticəsində bir uşaq ağır yaralanıb. Onu təcili olaraq Kaliforniya Deyvis Universitetinin tibb mərkəzinə çatdırıblar. Adı çəkilməyən daha bir pasiyent ağır, lakin sabit vəziyyətdədir. Təxminən 160 adam “Queen of the Valley” hospitalındakı ilk tibbi yardım məntəqəsində müalicə alıb.
Şəhər administrasiyasından bildiriblər ki, zəlzələ nəticəsində Sonoma, Napa və Santa-Roza şəhərlərində 15 minədək insan işıqsız qalıb. Zəlzələdən zərər çəkmiş bəzi rayonlarda qəzanın nəticələri bazar günü aradan qaldırılsa da, təxminən 7.300 adam hələ də işıqsız qalıb.
Ştatın hakim dairələrinin məlumatına görə, bu zəlzələ son 25 ildə baş verən ən güclü zəlzələdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton