MƏDƏNİYYƏT
“Kapellhaus”da almaniyalı tədqiqatçının mühazirəsi dinlənilmişdir
Bakı, 6 aprel (AZƏRTAC). “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Almaniyanın Höte İnstitutunun təşəbbüsü və dəstəyi ilə Ulrike Şmiegeltin mühazirəsi dinlənilmişdir.
“Kapellhaus”dan AZƏRTAC-a bildirmişlər ki, Ulrike Şmiegelt müxtəlif sərgi layihələrində, o cümlədən “Millətlərin mifləri. Avropa panoraması”, “Millətlərin mifləri. 1945 - xatirələr meydanı”, “Zamanda anlar (1989-cu ildən şəxsi şəkillər və görüntülər)”, “Azadlıq arzusu. 1945-ci ildən etibarən Avropada incəsənət” kimi sərgi layihələrinin kuratoru olmuşdur.
Berlində yaşayan və işləyən Ulrike Şmiegelt hazırda İkinci Dünya müharibəsi illərində (1941-1944) faşistlər tərəfindən Rusiyada incəsənətin və mədəni irsin məhvini və qarət olunmasını tədqiq edir.
“Kapellhaus”da dinlənilən mühazirə çərçivəsində, həmçinin Almaniya Tarix Muzeyinin “Azadlıq arzusu. 1945-ci ildən etibarən Avropada incəsənət” mövzusunda sərgi layihəsi də təqdim edilmişdir.
Sərgi layihəsi Avropa incəsənətinə ilk dəfə olaraq bütöv - yəni onu 1945-ci ildən etibarən “soyuq müharibə” illərinin nəticəsi olan Şərqə və Qərbə bölmədən nəzər yetirmişdir. On iki bölmədən ibarət sərgi təxminən son yetmiş ildə rəssamların maariflənmə dövründə həyatımıza daxil olan insan varlığı ideallarını, o cümlədən universal insan hüquqlarına inam, azadlıq, bərabərlik, xoşbəxtliyin təqibi, demokratiya kimi məfhumlarla necə işlədikləri yollarını araşdırır.
Sərgidə bədii janrın bütün növlərindən olan 100-dən çox incəsənət əsəri nümayiş etdirilmişdir. Onlar Avropanın təxminən 30 ölkəsindən olan rəssamlar tərəfindən son yetmiş ildə yaradılmışdır.
Sərginin məqsədi ideyaların dünyanı necə dəyişdirəcəyini və incəsənətin zaman və məkandan asılı olmayaraq insan hüquqları ilə bağlı çoxrəyli müzakirələri birlikdə necə müəyyən etdiyini göstərmək olmuşdur.