CƏMİYYƏT
Kardioloji dispanser üçün nəzərdə tutulan bina yenidən qurulur
Naxçıvan, 29 oktyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kardioloji Dispanseri üçün nəzərdə tutulan binada yenidənqurma işlərinə başlanılmışdır. İlkin mərhələdə 2 mərtəbədən ibarət binaya daha bir mərtəbə əlavə edilmiş, zirzəmi istifadə üçün yararlı hala salınmışdır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidənqurma işlərinin aparıldığı obyektin iş icraçısı Rəşad Əliyevin bildirdiyinə görə, binanın dam örtüyü vurulmuş, qapı-pəncərələr quraşdırılmış, kommunikasiya xətləri çəkilmiş, istilik xətləri istifadəyə hazır vəziyyətə gətirilmişdir.
Dispanser binasında layihəyə uyğun olaraq həkim və tibb bacıları üçün otaqlar, anbar, bufet, camaşırxana, işçilər üçün yeməkxana, mətbəx, masaj, müalicəvi bədən tərbiyəsi üçün salon fəaliyyət göstərəcək, laboratoriya, analiz qəbulu, rentgen, aptek, palatalar yaradılacaqdır. Bundan başqa, burada terapiya, ordinator, manipulyasiya kabinələri, təcrübə keçən tələbələr üçün siniflər, inzibati otaqlar olacaqdır. Hər biri ikiyataqlı olan 12 palata isə üçüncü mərtəbədə yerləşəcəkdir.
Bina tam hazır olandan sonra burada müasir tibb avadanlıqları quraşdırılacaqdır.