ELM VƏ TƏHSİL
KATV1 və “Edupro.az” gənclər üçün biznes tədris proqramına start verib
Bakı, 5 fevral, AZƏRTAC
KATV1 şirkəti və “Edupro.az” gənclər üçün nəzərdə tutulmuş tədris proqramına start verib.
Proqramın əsas məqsədi gənclərə uğurlu karyera qurmaq və ya fərdi biznes açmaq üçün müasir biznes-biliklərinin tədris edilməsindən ibarətdir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu tədris proqramı Böyük Britaniyanın "London Beynəlxalq Menecment Məktəbi"nin dəstəyi ilə keçiriləcək və hər uğurlu məzuna proqram çərçivəsində aldığı bilikləri təsdiq edən sənəd təqdim olunacaq. Proqramın üstünlüyü onun praktik yönümlü olması və şirkətlərdə uğurlu iş üçün bacarıqları təqdim etməsidir.
Tədris proqramı çərçivəsində www.edupro.az saytında "Biznesin Əsasları" adlı birinci modul üzrə qəbul da artıq elan edilib. Bu modul çərçivəsində dinləyicilər biznesin əsasları haqqında məlumat əldə edəcək, müxtəlif "keys"ləri araşdıracaq, müvafiq tapşırıqları yerinə yetirəcəklər. Modulun sonunda imtahan keçiriləcək və imtahanda uğurlu nəticələr göstərən iştirakçılara sertifikat təqdim olunacaq.
Dörd modulda uğurla iştirak edənlərə isə “London Beynəlxalq Menecment Məktəbi”nin “Biznez Sertifikat”ı veriləcək. Ən yaxşı məzunlar Azərbaycan şirkətlərində təcrübə keçmək, həmçinin gələcəkdə həmin şirkətlərdə fəaliyyətlərini davam etdirmək imkanı əldə edəcəklər.
Aprelin 30-dək davam edəcək tədris proqramından ali təhsili olmayan gənclər, müxtəlif ali təhsil ocaqlarının tələbələri, biznes karyerasına başlamaq istəyənlər və yeni fəaliyyətə başlamış sahibkarlar faydalanacaq.