CƏMİYYƏT
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16644548632854534923_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16644548635727853811_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16644548632244310488_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16644548632473764720_1200x630.jpg)
Bakı, 29 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Bakı şəhərinin Səbail rayonunun Şıx qəsəbəsində, Lənkəran rayonunun Göyşaban kəndində, Astara rayonunun Kələdəhnə yaşayış massivində və Xaçmaz rayonunun Niyazoba kəndində təşkil edilib.
Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, belə su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.