SİYASƏT
Kişineuda “Şərq tərəfdaşlığı” ölkələri regional və yerli hakimiyyət orqanlarının konfransı keçirilmişdir Konfransda Azərbaycan da iştirak etmişdir
Kişineu, 18 sentyabr (AZƏRTAC). Sentyabrın 17-də Moldovanın paytaxtında 15 Avropa ölkəsinin rəsmi nümayəndələri, Avropa Regionları Assambleyasının təmsilçiləri, merlər və regional siyasətçilər “Şərq tərəfdaşlığı” ölkələrinin yerli və regional hakimiyyət orqanları konfransının (CORLEAP) iclasında iştirak etmişlər.
AZƏRTAC MOLDPRES agentliyinə istinadla xəbər verir ki, ilk dəfə olaraq CORLEAP Avropa İttifaqının hüdudlarından kənarda keçirilir.
Konfransın həmsədri, Kişineunun meri Dorin Kirtoake mətbuat konfransında bildirmişdir ki, siyasi təşəbbüsün iki əsas prioriteti inzibati və maliyyə cəhətdən mərkəzdən asılılığın aradan qaldırılması, habelə regional və yerli hakimiyyət orqanlarının Avropa fondlarından istifadə etməsidir. Bu prioritetlər Avropa Parlamenti, Avropa Şurası, Avropa Komissiyası kimi nüfuzlu Avropa təşkilatlarında müzakirə olunacaq yerli və regional hakimiyyət orqanlarının maliyyələşdirilməsinə imkan yaradılması üçün Avropa İttifaqının 2014-2021-ci illər büdcəsinə daxil ediləcəklər.
Regionlar Komitəsinin sədri, təşkilatın həmsədri Ramon Luis Valkarsel Cico bildirmişdir ki, COPLEAR konfransının fəaliyyətinin ilk nəticələri Avropa əməkdaşlığına dair iki layihədə əksini tapmışdır. Birinci layihə Azərbaycanda 20 bələdiyyənin içməli su ilə təmin edilməsi, ikinci isə Rumıniya, Ukrayna və Moldovanın sərhədyanı rayonlarında tibbi xidmətin yaxşılaşdırılması ilə əlaqədardır.
Forum çərçivəsində yerli və regional səviyyədə kütləvi administrasiya islahatları, yerli demokratiyanın inkişafı, yerli və regional hakimiyyət orqanlarının spesifik tələbatları nəzərdən keçirilmişdir.
COPLEAR konfransı 2011-ci ildə “Şərq tərəfdaşlığı” ölkələri və Avropa İttifaqının yerli və regional hakimiyyət orqanları arasında dialoq üçün platformanın yaradılması məqsədi ilə təşkil edilmişdir. Konfransın təsis iclası 2011-ci il sentyabrın 8-də Poznanda (Polşa) keçirilmişdir. Təşkilatın üzvləri Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Avropa İttifaqı və Ermənistanı təmsil edən 36 mer və regional siyasətçidir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu