Kitabxanada şair Əli Tudənin 95 illiyi münasibətilə əbədi-bədii gecə təşkil edilib
Bakı, 4 fevral, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair Əli Tudənin anadan olmasının 95 illiyi münasibətilə əbədi-bədii gecə təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri kitabxananın direktoru Oruc Quliyev açaraq Əli Tudənin həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Cənub həsrəti ilə yaşayıb-yaradan şair poeziyamıza rəngarəng, zəngin ədəbi irs bəxş edib. Onun yaradıcılığının əsas qayəsini vətənpərvərlik, xəlqilik, yüksək ideallar təşkil edir.
Tədbirdə Əməkdar jurnalist Rəhim Hüseynzadə, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli şairin ədəbi yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən bəhs ediblər.
Gecədə Şair Əli Tudənin öz səsi ilə “Mən nə gətirdim” şeiri ilə başlanan sənədli film və “Əli Tudə və Milli Filarmoniyamız” adlı klip nümayiş olunub. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ifasında Əli Tudənin şeirləri səslənib.
Sonra mərhumun oğlu Natiq Əli Tudə atası haqqında xatirələrini bölüşərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda “Əli Tudə-95” adlı kitab sərgisinə baxış keçirilib.