SİYASƏT
Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin nümayəndə heyəti Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur
Bakı, 3 iyul (AZƏRTAC). Azərbaycan Respublikasında səfərdə olan Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iyulun 3-də Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.
Qonaqlara məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, ümumi ərazisi 60 hektar olan meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginness dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin nümayəndə heyəti Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar, sənədlər və s. nümayiş olunur.
Dövlət Bayrağı Meydanı ilə tanışlıq kolumbiyalı qonaqlarda xoş təəssürat yaratmışdır.