SİYASƏT
Konqresmen Qreqori Miks: NATO ilə əlaqələrin və əməkdaşlığın inkişafı üçün Azərbaycanın göstərdiyi səyləri alqışlayıram
Bakı, 11 oktyabr (AZƏRTAC). NATO ilə əlaqələrin və əməkdaşlığın inkişafı üçün Azərbaycanın göstərdiyi səyləri alqışlayıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan dövlətinin başçısı İlham Əliyevi oktyabrın 9-da keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edən ABŞ Konqresinin üzvü Qreqori Miks demişdir.
Konqresmen Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazır: “Hörmətli cənab Prezident. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Bu seçim dövlət məsələlərində vətəndaşların iştirakını və marağını gücləndirmək istiqamətində Azərbaycan xalqı üçün böyük imkandır. Növbəti Prezidentliyiniz dövründə ABŞ-Azərbaycan münasibətlərini daha da gücləndirmək üçün Sizinlə və administrasiyanızla çalışacağımıza ümidvaram”.
Ötən 10 ildə ABŞ və Azərbaycanın enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və iqtisadi məsələlərdə güclü strateji əməkdaşlıq qurmaq üçün birgə çalışdıqlarını vurğulayan konqresmen məktubunda qeyd edir: “ABŞ Azərbaycanın Əfqanıstandakı missiya daxilindəki rolunu yüksək qiymətləndirir. Ölkələrimiz arasındakı ticarət və xarici sərmayənin artmasına dəstək göstərməyə davam edəcəyəm”.
Konqresmen məktubunu bu sözlərlə bitirir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas addım olan Trans-Anadolu qaz kəmərini genişləndirmək və tamamlamaqla Avropanın enerji mənbələrinin şaxələndirilməsində əsas rol oynayır. Sizə və Azərbaycan xalqına böyük uğurlar arzu edirəm”.